Akademik Tarih ve Dusunce Dergisi
Şizofreniyada Əl Yazısı Hərəkətlərinin Diaqnostik Əhəmiyyəti: Ədəbiyyat İcmalı
By Ceyran Shirinova.
Abstract
Şizofreniya düşüncə, duyğu və davranışda ağır pozuntularla müşayiət olunan, adətən gənc yaşda başlayan psixotik pozğunluqdur. Xəstəliyin diaqnostik konsepsiyası Emil Kraepelinin təsnifatından bu günə qədər uzun inkişaf yolu keçmiş, lakin onun etiologiyası hələ də tam aydınlaşdırılmamışdır. Bu məqalədə şizofreniyada dil və motor funksiyalarında baş verən dəyişikliklərin diaqnostik əhəmiyyəti mövcud ədəbiyyat əsasında nəzərdən keçirilir. Nitq pozğunluqları düşüncə pozuntusunun klinik göstəricisi kimi qısaca ələ alınır, əsas diqqət isə əl yazısı hərəkətlərinin rəqəmsal təhlilinə yönəldilir. Bu məqsədlə İspaniyada şizofreniya spektri və ya bipolyar pozğunluğu olan 54 xəstə və 44 sağlam iştirakçı ilə aparılmış tədqiqatın metodu və nəticələri ətraflı şərh olunur. Həmin tədqiqatda xəstələrin yazı sürətinin azaldığı, qələm təzyiqinin və qeyri-axıcılığın artdığı, yazı nümunələrinin isə daha qeyri-müntəzəm olduğu müəyyən edilmiş, bu göstəricilərin diaqnozdan və antipsixotik dozadan asılı olmadığı aşkar edilmişdir. Nəzərdən keçirilən məlumatlar göstərir ki, əl yazısı hərəkətlərinin kəmiyyətcə təhlili şizofreniyada motor pozuntuların obyektiv qiymətləndirilməsi üçün klinik müşahidəni tamamlayan faydalı vasitə ola bilər. Gələcəkdə daha geniş nümunələr üzərində aparılacaq tədqiqatlar bu yanaşmanın erkən diaqnozda istifadə imkanlarını aydınlaşdıra bilər.



